Apple fərdi 5G modemin hazırlanmasında ciddi problem yaşayır

25 Sentyabr 2023, 10:02

Apple şirkəti iPhone-lar üçün nəzərdə tutulmuş fərdi 5G modem üzərində 2018-ci ildən çalışır. Lakin bununla belə şirkət hələ də hazır 5G modemi əldə edə bilməyib. Bunun əsas səbəbləri barəsində keçmiş Apple əməkdaşlarından biri məlumat verib. Beləliklə verilmiş məlumata əsasən Apple şirkətinin Sinope kod adına sahib 5G modemi bəzi texniki problemlər səbəbilə iPhone-lara inteqrasiya prosesindən hələ çox uzaqdır.

    Məlumatda qeyd edilib ki, şirkətin hazırlamağa çalışdığı 5G modemin prototipinin ölçüsü olduqca böyükdür və tez zamanda qızmaya məruz qalır. Keçmiş Apple əməkdaşının sözlərinə əsasən modem Qualcomm-un 5G modemlərindən 3 il geridə qalır. Məlumata əsasən bu problemlərin mənbəyi Apple şirkətinin iddialı gözləntiləri olub. Belə ki şirkət özü üçün yeni olan bu cür məhsulun hazırlanması prosesi zamanı ola biləcək problemləri öncədən proqnozlaşdıra bilməyib. Bəzi məlumatlara əsasən Apple özünün 5G modemindəki problemləri yalnız 2025-ci ilə kimi aradan qaldıra bilər. Şirkətin öz 5G modemini yenidən təxirə salacağı da istisna edilmir.